Sadələşdirilmiş vergi ödəyiciləri üçün vergitutma bazası necə müəyyən olunur?

2024.10.07 10:52 (UTC+04:00)

Sadələşdirilmiş vergi ilə bağlı sualda təqdim olunan cədvəldə iştirakçılardan tələb olunan cavablar "vergitutma obyekti", "vergitutma bazası" və "sadələşdirilmiş verginin məbləği" ilə bağlıdır.
Vergitutma obyekti və vergitutma bazası vergitutmanın əsas elementlərindən olmaqla, Vergi Məcəlləsinin 12-ci maddəsi ilə müəyyən olunur. Qısaca desək, vergitutma obyekti - verginin yaranma mənbəyi, vergitutma bazası isə vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətlə ifadəsidir.

Misal: Sadələşdirilmiş vergi ödəyicisinin 1-ci rübdə əməliyyatları aşağıdakı kimidir:

Malların təqdim edilməsi üzrə 25.000 manat;

İstiqrazlar üzrə gəliri - 800 manat;

Dövlət büdcəsinə olan vergi borcunun bağışlanılmasından gəliri - 500 manat.

Təqdim edilən malların dəyərinin 2.000 manatı hesabat dövründə ödənilməyib.

Burada vergitutma obyekti, vergitutma bazası və sadələşdirilmiş vergi məbləğinin tapılması tələb olunur.

İlk növbədə vergitutma obyektini müəyyən edək. Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyiciləri üçün vergitutma obyekti - malların (iş və xidmətlərin), əmlak təqdim olunmasından əldə olunan ümumi hasilat və satışdan kənar (ödəmə mənbəyində vergi tutulanlar istisna olmaqla ) gəlirlərdir.

Misalımızda təqdim edilən malların dəyəri 25.000 manat olsa da 2000 manat hesabat dövrü üzrə ödənilmədiyi üçün hasılat 23.000 manat qəbul edilir:

25000 - 2000 = 23000 manat.

İstiqrazlardan (800 manat) və dövlət büdcəsindən vergi borcunun bağışlanılması (500 manat) gəliri isə satışdan kənar gəlir kimi vergitutma obyekti hesab edilir. Beləliklə, vergitutma obyekti olan vəsaitlər ümumilikdə 24.300 manatdır:

23000 + 800 + 500 = 24300 manat.

Vergitutma bazası isə vergitutma obyektinin vergi tutulan hissəsi olduğu üçün vergitutma obyektindən azad olan hər hansı gəlir növünü çıxmalıyıq. Vergi Məcəlləsinin 218-1-ci maddəsinə əsasən, misalımızda dövlət büdcəsinə vergi borcunun bağışlanılması üzrə gəlir (500 manat) vergidən azad edilir.

Vergitutma bazası: 24300 – 500 = 23800 manat.

Sadələşdirilmiş verginin dərəcəsi isə 2%-dir.

Sadələşdirilmiş verginin məbləği: 23800 x 2% = 476 manat.