Yeni işə başlayan fiziki şəxsin vergi öhdəlikləri

2019.07.26 18:12 (UTC+04:00)

Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, mağaza açmaq sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi uçotuna alınma kağız daşıyıcısında "Fiziki şəxsin uçotu haqqında ərizə" və ona əlavə olunan şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna durmaq mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

"Asan imza" sertifikatlarının alınması üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) "Asan imza" SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlidir. Təqdim edilən sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət edən şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Gücləndirilmiş elektron imzanın vacibliyi ilə bağlı isə bildirilir ki, 2018-ci il yanvar ayının 1-dən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Elektron qaimə fakturanın təqdim edilməsi üçün, əmək müqavilələrinin rəsmiləşdirilməsi üçün gücləndirilmiş elektron imzanın (o cümlədən "Asan imza"nın) olması zəruridir.

Həmin şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sadələşdirilmiş vergi ödəyicisi olduqda əldə olunan gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi ödənilməlidir. Göründüyü kimi, sadələşdirilmiş verginin dərəcəsi güzəştli xarakter daşıdığı üçün əlavə vergi güzəştləri nəzərdə tutulmayıb.

Sahibkar gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyi halda isə gəlirlərindən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Bu halda bir sıra vergi güzəştləri nəzərdə tutulub.