Ağdam şəhərində 4 iritutumlu su anbarı tikilir

2024.10.02 16:29 (UTC+04:00)

Ağdam şəhərində 2 ədəd tutumu 10 min kubmetr və 2 ədəd 7,5 min kubmetrlik su anbarının tikinti işləri aparılır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, hazırda 10 min kubmetrlik su anbarının 1-ci kamerasının dəmir-beton işləri yekunlaşmaq üzrədir, 2-ci kameranın isə bünövrə betonu verilib. Tikinti işlərinin təqribən 80 faizi icra olunub. 7,5 min kubmetrlik su anbarının da dəmir-beton işləri yekunlaşmaq üzrədir.

Hər iki anbardan şəhər şəbəkəsinə birləşdirilməsi üçün diametri 710 mm olan polietilen su borularının inşası həyata keçirilir. Anbarlardan şəhər şəbəkəsinə çəkiləcək 2,5 min metr borudan 2332 metri tamamlanıb. Eyni zamanda, layihə çərçivəsində kanalizasiya kollektorunun tikintisi də davam edir. 6 kilometrlik xətdən 1,8 kilometri çəkilib, 2 ədəd subartezian quyusundan birinin tikintisinə başlanılıb.