Azərbaycanın turizm potensialı yüksək olan kəndlərində turizm üzrə fəaliyyətin dəstəklənməsi və özünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi üzrə “Turistik kənd” layihəsinə start verilib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, layihə üzrə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminin inkişafı, eləcə də yerli icmaların və turizm fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının rifahının yaxşılaşdırılması hədəflənir.
İlkin olaraq turizm potensiallı Qusar rayonunun Ləzə kəndi, Qax rayonunun İlisu və Sarıbaş kəndlərində icra olunacaq layihə çərçivəsində ümumilikdə 20 qonaq evinin “Aqroturizm” zərfi üzrə zəruri avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.