Bakıda təşkil olunan Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Beynəlxalq Valyuta Fondunun (BVF) Gəlirlər Administrasiyası Baş İdarəsinin müavini Margaret Kotton ilə görüş keçirib.
Görüşdə ölkəmizin BVF ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi vurğulanıb, təşkilatın biznes mühitinin təkmilləşdirilməsi və dövlət – özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi istiqamətində reallaşdırılan layihələrə dəstəyinin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə keçirilən forumun əhəmiyyəti və mövzunun aktuallığı xüsusi vurğulanıb. Bildirilib ki, “yaşıl” iqtisadiyyatın dəstəklənməsi, aşağı karbonlu biznes həllərinə keçidin sürətləndirilməsi ölkələrin əsas fəaliyyət istiqamətini təşkil edir. Bu xüsusda iqtisadi aktivliyin sabit saxlanılması, ədalətli yanaşmanın tətbiqi və biznes mühitinin dəstəklənməsi şəraitində dekarbonizasiyanın həyata keçirilməsi beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərdəndir. Qeyd edilib ki, karbon qiymətqoyması və karbon vergisinin tətbiqi mexanizmləri ciddi araşdırılmalıdır. DVX rəisi Azərbaycanın vergi orqanları tərəfindən bu istiqamətdə təhlillər aparıldığını və beynəlxalq təcrübənin öyrənildiyini bildirib. Tərəflər karbonsuzlaşma prosesində fiskal alətlərin rolunu dəyərləndirməklə bağlı fikirlərini bölüşüblər.
Görüşdə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı, biznes mühitinin təkmilləşdirilməsi, dövlət – özəl tərəfdaşlığının təşviqi istiqamətində vergi alətlərinin tətbiqi üzrə BVF ilə tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib. Tərəflər əməkdaşlığın prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə fikirlərini bölüşüblər.