Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum başa çatıb

2024.09.26 18:07 (UTC+04:00)

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum öz işini sessiyalarla davam etdirib. Tədbirin birinci günü 4 sessiya baş tutub.

“Karbon qiymətqoyma və karbon vergisinə giriş” mövzusunda təşkil olunan sessiyada karbon qiymətqoyma, karbon vergisinin məqsədləri və qlobal nümunələr müzakirə olunub. İkinci sessiya “Karbon vergisinin tətbiqi: dünyadan öyrənilən dərslər” mövzusunda olub. Bu sessiyada karbon vergisinin tətbiqi ilə bağlı çətinliklər, karbon vergisinin uğurlu tətbiqi ilə əlaqədar beynəlxalq təcrübə diqqət mərkəzində olub, xarici ekspertlərlə müzakirələr təşkil edilib. “Karbon vergisinin iqtisadi təsirləri” mövzusunda üçüncü sessiyada karbon vergisinin müxtəlif sektorlara iqtisadi təsirlərinin təhlili aparılıb, iqtisadçı ekspertin təqdimatları və sual-cavab sessiyası keçirilib. Dördüncü sessiya “Karbon vergisindən istifadə və innovasiya”lara həsr edilib. Karbon vergisindən istifadə strategiyaları, bu vergi növünün texnoloji innovasiyalara və yaşıl enerjinin tətbiqinin sürətləndirilməsinə təsiri imkanları müzakirə olunub, interaktiv müzakirələr aparılıb.

Tədbirin növbəti günü daha 2 sessiya keçirilib. İlk sessiya “Maraqlı tərəflərin perspektivləri və ictimai iştirak” mövzusunda təşkil olunub, karbon vergisinin sosial təsiri, hökumət, biznes, QHT-lər və ictimaiyyətdən müxtəlif maraqlı tərəflərin baxışları müzakirə edilib. Forumun daha bir sessiyası “Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM)” mövzusuna həsr olunub. Bu sessiyada CBAM-ın məqsədi, əhatə dairəsi, normativ çərçivəsi, iqtisadi və ətraf mühitə təsiri, CBAM-a hazırlıq üçün yol xəritəsi barədə ətraflı müzakirələr aparılıb.

Forumun bağlanışında çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva iki günlük tədbir çərçivəsində karbon qiymətləndirilməsi mövzusunda aparılan müzakirələri, beynəlxalq təcrübədə tətbiq edilən mexanizmlər barədə səsləndirilən fikirləri yüksək qiymətləndirib. Bildirib ki, karbon qiymətqoyma sadəcə tənzimləmə vasitəsi deyil, həm də davamlı inkişaf üçün kollektiv öhdəlikdir. Bu, “yaşıl” texnologiyalara investisiya qoyuluşlarını və innovasiyaları stimullaşdıra, yeni iş yerlərinin yaradılmasına səbəb ola bilər.