SOCAR və “Srbijagas” arasında əlavə qaz təchizatına dair müqavilə imzalanıb

2024.09.26 16:33 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Serbiyanın “Srbijagas” şirkəti arasında 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qaz təchizatı üzrə alqı-satqı müqaviləsi imzalanıb.

Bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, Belqrada səfəri çərçivəsində serbiyalı həmkarı, mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşüb. Görüşdə enerji əməkdaşlığının genişləndirilməsinə dair müzakirələr aparılıb.

Görüş çərçivəsində, həmçinin, Azərbaycan Energetika Nazirliyi ilə Serbiya Mədənçilik və Energetika Nazirliyi arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.