Körfəz ölkələri ilə Azərbaycanın ticarət dövriyyəsində xüsusilə son illərdə əhəmiyyətli artım müşahidə olunur.
Bunu İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 2-ci iqtisadi forumunda iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
Anar Axundovun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanın KƏŞ ölkələri ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artıb. Bu dövrdə ixrac iki dəfə çoxalıb: ”Körfəz ölkələri ilə əməkdaşlığımız Azərbaycanın iqtisadi inkişafını sürətləndirmək, iqtisadiyyatın şaxələndirilməsi və investisiya imkanlarının səmərəli reallaşdırılmasında mühüm rol oynayıb. Enerji, ticarət və infrastrukturun inkişafı sahəsində birgə təşəbbüslər yalnız uğur qazanmaqla kifayətlənməyib, həm də regional sabitlik və rifaha əhəmiyyətli töhfə verib.
Azərbaycan və KƏŞ ölkələri arasında qeydə alınan müsbət statistik tendensiya təkcə ticarətlə məhdudlaşmır. Qarşılıqlı birbaşa sərmayə qoyuluşları sahəsində də əhəmiyyətli artım müşahidə olunur”.