İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Rusiya Federasiyasının Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərində keçirilən “Elista-2024. Mənim biznesim” İqtisadi Forumunda iştirak edib.
Nazir müavini Sahib Ələkbərov forum çərçivəsində “Öz yolunu tap” və “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi. Xəzər regionu ölkələrinin iqtisadiyyatlarının perspektivləri” adlı panel sessiyalarında çıxış edib.
Çıxışlarda nazir müavini Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin digər istiqamətlərdə olduğu kimi, iqtisadi sahədə də yüksək səviyyədə olduğunu, Rusiyanın regionları ilə işgüzar münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb, ölkəmizdə aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı tədbirləri barədə məlumat verib.
Panel sessiyalarda Azərbaycanla Rusiya, o cümlədən Şimali Qafqaz regionu ilə regionlararası əməkdaşlıq, nəqliyyat-logistika, turizm sahələrində tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ikitərəfli ticarət əlaqələri inkişaf edir. Ölkələrimiz arasında sərbəst ticarət rejimi var.
Səfər çərçivəsində Kalmıkiya Respublikasından olan rəsmi şəxslərlə keçirilən görüşlərdə Kalmıkiya ilə işgüzar münasibətlərin genişləndirilməsi, kənd təsərrüfatı, turizm və digər sahələrdə tərəfdaşlığın inkişafı perspektivləri müzakirə edilib.