Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda digər ölkələrin müvafiq təcrübəsi öyrəniləcək

2024.09.25 13:37 (UTC+04:00)

25-26 sentyabr tarixlərində Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda karbon vergilənməsi, eyni zamanda karbon emissiyalarının ticarət sistemi və bunların hibrid modelinin tətbiqi mövzusunda müzakirələr aparılacaq.

Bu barədə Forum çərçivəsində keçirilən brifinqdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA-nın prezidenti Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, tədbirdə digər ölkələrin bu vaxtadək istifadə etdiyi siyasət və mexanizmlər müzakirə olunub öyrəniləcək: “Bu onların gələcəkdə Azərbaycanda düzgün tətbiqi baxımından əhəmiyyət daşıyır. Bu mövzu tək ölkəmiz üçün deyil, bütün qlobal və beynəlxalq ictimaiyyətin izlədiyi və hər bir ölkə üçün aktual mövzudur".

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini deyən DVX rəisi ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a hazırlıq işlərinin aparıldığını vurğulayıb və əlavə edib ki, bu baxımdan Forumun bu il keçirilməsi xüsusi əhəmiyyət daşıyır.