“Karbon vergisi” və ya analoji verginin tətbiqi imkanları müzakirə olunur

2024.09.25 11:22 (UTC+04:00)

Beynəlxalq təcrübədə geniş tətbiq olunan karbon emissiyasının azaldılması məqsədilə “karbon vergisi” və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi, karbon vergisinin vergitutma obyekti olan karbon emissiyasının ölçülməsi sisteminin ölkəmizdə yaradılması, ətraf mühitin qorunması üçün dünya ölkələrində tətbiq edilən karbon qiymətləri siyasi tədbirlərinin ölkəmizdə tətbiqi prosesləri hazırda hökumətdə həmkar qurumlarla müzakirələrin mühüm bir istiqamətidir.

Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA-nın prezidenti Orxan Nəzərli deyib.

Orxan Nəzərlinin sözlərinə görə, bununla bağlı bir sıra beynəlxalq təşkilatlar, beyin mərkəzləri, təhsil müəssisələri və əlaqəli sənayelərlə əməkdaşlıq edilir: “Bu sahədə həm təcrübələri öyrənir, həm də mövcud təcrübələrin yaratdığı çağırışları birgə müzakirə edir, ölkəmiz üçün düzgün vergiqoyma siyasətini müəyyən edirik”.