ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

2024.09.25 09:19 (UTC+04:00)

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın 2024-cü il üçün iqtisadi artım proqnozunu 1,5 faiz bəndi artıraraq 2,7 faizə yüksəldib.

Bu barədə bankın "Asiyanın İnkişaf Perspektivləri" (ADO) hesabatının sentyabr sayında bildirilir.

ADB-nin apreldə dərc edilmiş hesabatında bu il üçün 1,2 faiz səviyyəsində artım proqnozlaşdırılırdı.

Gələn ildə isə ÜDM-in artım tempi 2,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Bankın analitikləri qeyd edirlər ki, yaxşılaşmanın əsas amilləri qeyri-neft sektorunun artımı, dövlət xərclərinin artması və investisiya fəallığının güclənməsi olub.

2024-cü ilin birinci yarısında qeyri-neft iqtisadiyyatının artımı 6,9 faiz təşkil edib, karbohidrogen sektoru isə daha mütəvazi nəticə - 0,6 faiz göstərib. Eyni zamanda, qaz hasilatının 3,4 faiz artması neft hasilatının 4,9 faiz azalmasını kompensasiya edib. Nəticədə iqtisadi artım 2023-cü ilin birinci yarısındakı 0,5 faizdən 2024-cü ildə 4,3 faizə qədər sürətlənib. Kənd təsərrüfatında isə əksinə, kənd təsərrüfatı məhsullarının istehsalının azalması səbəbindən artım 3,4 faizdən 0,2 faiz-ə qədər yavaşlayıb. Sənaye sektoru 0,9 faiz artım nümayiş etdirib ki, bu da neft-kimya və qida sənayesində istehsalın 7,4 faiz artması hesabına baş verib və 2023-cü ilin birinci yarısında hasilatın 3,7 faiz azalması səbəbindən sənaye istehsalının 1,8 faiz azalmasını kompensasiya edib.

ADB həmçinin qeyd edir ki, investisiyaların əhəmiyyətli artımı tikintidə artım tempinin 2023-cü ilin birinci yarısındakı 9,2 faizdən bir il sonra 18,4 faizə qədər ikiqat artmasına səbəb olub. Xidmət sahəsində artım 1,6 faizdən 6,1 faizə yüksəlib ki, bu da 15,4 faiz artım göstərən nəqliyyat sektorunun inkişafı ilə dəstəklənib.

ADB ekspertləri müsbət dinamikanın ilin sonuna qədər davam edəcəyini gözləyirlər ki, bu da 2024 və 2025-ci illər üçün proqnozların yenidən nəzərdən keçirilməsinə səbəb olub.

Xatırladaq ki, 2023-cü ilin nəticələrinə görə ölkənin ÜDM artımı 1,1 faiz təşkil edib. Hökumətin proqnozlarına görə, 2024-cü ildə ÜDM artımı 4,2 faiz, 2025-ci ildə isə 3,5 faiz səviyyəsində gözlənilir

“Report”