Makroiqtisadi sabitliyin təmin edilməsi növbəti ildə də hökumətin əsas vəzifələrindən biri olacaq

2024.09.24 19:52 (UTC+04:00)

Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar davam etdiriləcək. Həmçinin 2025-2028-ci illər ərzində “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat”, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölmələrinin islahatlara cəlb edilməsi nəzərdə tutulur.

Bunu Baş nazir Əli Əsədov hökumətin iclasında 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsi zamanı bildirib.

Büdcə vəsaitlərinin qənaətli, təyinatı üzrə istifadəsinə nəzarətin və səmərəliliyin gücləndiriləcəyini diqqətə çatdıran Baş nazir deyib: “Son illərdə büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində “Açıq Büdcə İndeksi-2023” hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmışdır. Belə ki, hesabatda 125 ölkə arasında Azərbaycan 44-cü yerdən 21 pillə irəliləyərək 23-cü yerə yüksəlmiş və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olmuşdur. Bu istiqamətdə görülən işlər davam etdiriləcək”.

Əli Əsədov bildirib ki, Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcək. Borclanma strategiyasına uyğun olaraq fiskal və monetar siyasətin sıx koordinasiyası ilə daxili maliyyə bazarının inkişafı istiqamətində işlər davam etdiriləcək. Dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın aşağı birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də hökumətin əsas vəzifələrindən biri olacaq. Bu xüsusda “Qiymət İzləmə Tətbiqi” sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

AZƏRTAC