KOB evləri – operativlik, şəffaflıq və rahatlığın birləşdiyi məkan REPORTAJ

2024.09.24 17:25 (UTC+04:00)

Böyük müəssisələrə nisbətən daha çox dəstəyə, həssas yanaşmaya ehtiyac duyan mikro, kiçik və orta sahibkarlar əvvəllər biznesin qurulması və inkişaf etdirilməsi üçün haraya və necə müraciət edəcəklərini bilmir və ya sahibkarlıq fəaliyyəti ilə bağlı müxtəlif qurumlara üz tuturdular. Bu isə vaxt itkisinə səbəb olurdu. Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması, sahibkar məmnunluğunun artırılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda kiçik və orta biznes evlərinin (KOB evləri) yaradılması sahibkarların vahid məkanda xidmət ala bilməsini təmin etdi.

KOB evlərinin əsas məqsədi operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq dövlət (“G2B”) və özəl (“B2B”) qurumların xidmətlərinin sahibkarlara vahid məkanda təqdim edilməsidir. KOB evləri ehtiyac duyduğu xidmətləri haradan alacağını bilməyən sahibkarların sadəcə bir ünvana gedərək lazımi xidmətləri almasına imkan verməklə yanaşı, onların vaxtına qənaət edir, əməliyyat xərclərini azaldır. Xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir, sahibkarların daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına şərait yaradır.

KOB evlərinin əsas məqsədi operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və
rahatlıq prinsiplərinə uyğun olaraq dövlət (“G2B”) və özəl (“B2B”) qurumların
xidmətlərinin sahibkarlara vahid məkanda təqdim edilməsidir

Sahibkarlar KOB evlərinə biznes fəaliyyəti üçün zəruri olan sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziya, icazə və digər lazımi sənədlərin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal, bank, sığorta, notarius və digər xidmətlər üçün müraciət edə bilərlər.

Hazırda ölkədə Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla, üç KOB evi fəaliyyət göstərsə də, onlar, əslində, üç deyil, daha çox şəhər və rayonun biznes subyektinə xidmət edir.

Azərbaycan modeli dünyanın qabaqcıl innovativ təşəbbüsləri sırasında

Azərbaycanın KOB evi modeli biznes sahəsində dünyanın qabaqcıl innovativ təşəbbüsləri sırasında yer alıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 2011-ci ildə yaradılmış və dövlət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə, təbliğinə dəstək verən qlobal forumu sayılan Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi (OPSI) Azərbaycanın KOB evi modelini qabaqcıl innovativ təcrübələrdən biri kimi qiymətləndirərək onu nümunəvi model olaraq qəbul edib.

KOBİA-nın Katibliyinin rəhbəri Elmar İsayevin sözlərinə görə, OPSI-ın keçirdiyi müsabiqə çərçivəsində dünyanın bir çox ölkəsindən olan müraciətlərə baxılıb və qurumun ekspertləri Azərbaycanın KOB evlərinin fəaliyyətini innovativ təşəbbüs kimi dəyərləndiriblər: “Qurum dövlət və özəl qurumların imkanlarının vahid məkanda – KOB evlərində birləşdirilməsi və əlaqələndirilməsini unikal model kimi qiymətləndirir. Sahibkarlar və ya öz biznesini qurmaq istəyən şəxslər biznesin planlaşdırılması, biznesə başlanması, biznesin idarə edilməsi və inkişafı mərhələləri üzrə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər. Mərkəzin məlumatında qeyd edilir ki, sahibkarlar KOB evlərində, həmçinin, KOB inkişaf mərkəzlərinin təlim və məsləhət xidmətlərindən, Startap İnkişaf Mərkəzinin imkanlarından faydalana, mərkəzlərdə fəaliyyət göstərən KOB dostlarına yaxınlaşmaqla bizneslə bağlı onları maraqlandıran suallara rahat və asan şəkildə cavab ala bilərlər. Məlumatda OPSI-ın ekspertləri tərəfindən KOB evi modelinin niyə unikal və innovativ layihə kimi seçilməsi məsələsinə də aydınlıq gətirilir. Belə ki, KOB-ların inkişafını dəstəkləyən kompleks xidmət təminatı, effektiv əlaqələndirmə, ehtiyaclara uyğun çevik yanaşma, iştirakçılıq və inklüzivlik modelin fərqləndirici xüsusiyyətləri hesab olunur. Bildirilir ki, KOB evləri sahibkarlar üçün vaxt və əməliyyat xərclərinin azaldılmasına, xidmət təminatı sahəsində vahid məkan prinsipi əsasında biznes prosesinin daha da sadələşməsinə imkan verən unikal modeldir. KOB evləri, həmçinin, biznes ekosistemi üçün əhəmiyyətli olan dövlət qurumları arasında koordinasiyanın, eləcə də dövlət və özəl qurumlar arasında əməkdaşlığın güclənməsinə öz töhfəsini verir”.

KOB evləri həftənin 5 günü ərzində səhər saat 9-dan axşam saat 18.00-a kimi sahibkarlara yüksək səviyyədə xidmət göstərir. Bu ilin ötən dövründə Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara ümumilikdə 300 minə yaxın xidmətin göstərilməsi təmin edilib. Bu xidmətlərin 268 minə yaxını dövlət qurumları, 32 mindən çoxu isə özəl qurumlar tərəfindən göstərilib. Həmin dövrdə sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatlarının alınması, vergi və gömrük məsələlərinin həll edilməsi, kommunal xidmətlər və s. ilə əlaqədar müraciət ediblər.

Sahibkarlar və ya öz biznesini qurmaq istəyən şəxslər biznesin planlaşdırılması, biznesə
başlanması, biznesin idarə edilməsi və inkişafı mərhələləri üzrə dövlət və özəl qurumlar
tərəfindən göstərilən xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər

KOB evlərində xidmətin keyfiyyətinin yüksəldilməsi üçün müraciət edənlərin məmnunluq səviyyəsi də ölçülür. Buradakı xidmətlərdən faydalanan sahibkarların məmnunluq səviyyəsi 98% qiymətləndirilir.

“Texno park” MMC-nin nümayəndəsi Fərhad Hüseynzadə “Bakı KOB evi”nə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən mənşə sertifikatını almaq üçün müraciət edib. “Bakı KOB evi”nin fəaliyyətindən çox razıyam. Buraya, demək olar ki, tez-tez gəlirəm. KOB evində həmişə çox xoş münasibət görmüşəm, əməkdaşlar çox diqqətlidirlər və müraciəti qısa zaman ərzində cavablandırırlar”,- deyən müsahibimiz KOB evlərinin ölkədə kiçik və orta sahibkarlığın inkişafının sürətlənməsinə təkan verəcəyini deyir.

Logistika sahəsində fəaliyyət göstərən sahibkar İlham Mirzəyev KOB evinə icazə blanklarının alınması üçün gəlib. KOB evinin işçilərinin müraciət edənlərə çox yüksək səviyyədə xidmət göstərdiyini deyən sahibkar xidmətlərin keyfiyyətindən çox məmnundur: “Yaxın vaxtlarda Türkmənistan və Özbəkistana yük maşınları yola salmalıyam. Bunun üçün icazə blanklarını KOB evində fəaliyyət göstərən aidiyyəti qurumdan alıram. “Bakı KOB evi” açılandan buraya müraciət edirəm. İndiyədək hər hansı bir çətinliklə qarşılaşmamışam. Müraciətlərimizə qısa zaman ərzində baxılır, icazə blanklarını elə yerindəcə götürə bilirik. Bizim buradakı işimizin həll edilməsi 10-15 dəqiqə zaman alır. Belə yüksək xidmətə görə hər kəsə təşəkkürümüzü bildiririk”.

Bu ilin ötən dövründə Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən
KOB evlərində sahibkarlara ümumilikdə 300 minə yaxın xidmətin göstərilməsi
təmin edilib. Bu xidmətlərin 268 minə yaxını dövlət qurumları,
32 mindən çoxu isə özəl qurumlar tərəfindən göstərilib

“Fərqlənmə nişanı” almaq üçün “Bakı KOB evi”nə üz tutan Rəşad Manafov artıq iki ilə yaxındır ki, bu qurumun xidmətindən faydalanır. Onun sözlərinə görə, əvvəllər “Fərqlənmə nişanı”nı alarkən müəyyən problemlərlə üzləşsə də, hazırda heç bir çətinliyi yoxdur: “Nişanı heç bir problem olmadan, 15 dəqiqə ərzində, növbəsiz aldım. Xidmət zamanı yalnız dövlət rüsumunu ödədim”.

Ramiz Ağayev isə “Bakı KOB evi”ndə Dövlət Vergi Xidmətinin xidmətindən istifadə edib: “Artıq ikinci dəfədir ki, KOB evinin fəaliyyətindən istifadə edirəm. Birinci dəfə taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmişdim, xidmətdən məmnun qalmışdım. İkinci dəfə vergi xidməti almaq üçün gəlmişəm, yenə də nəticədən məmnunam. Mənə qısa zamanda, yüksək səviyyədə xidmət göstərildi. Azərbaycanın hər yerində KOB evləri kimi xidmət mərkəzlərinin olmasını çox istərdim”.

İlhamə İSABALAYEVA