Qeyri-rəsmi məşğulluq işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir

2019.07.23 16:34 (UTC+04:00)

Əmək müqaviləsi işçi və işəgötürən arasında əmək münasibətlərinin hüquqi müstəvidə qurulmasına və qanuni mənafelərinin təmin olunmasına əsas yaradan sənəddir. Əmək münasibətləri əmək müqaviləsi olmadan yarandıqda isə qeyri-rəsmi xarakter daşıyır və hər iki tərəfi qanunvericilikdə nəzərdə tutulan hüquqlardan, xüsusilə də işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işəgötürənlər üçün təşkil etdiyi maarifləndirmə tədbirində vurğulanıb. Tədbir "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" və "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" mövzularına həsr olunub.

Tədbirdə qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə ətraflı məlumat verilib, işəgötürənlərin qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında səylərinin artırılmasının vacibliyi diqqətə çatdırılıb. Məzuniyyət və istirahət hüququ barədə də iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, işçilərə hər ilin dekabrında növbəti iş ili üçün məzuniyyət qrafiki təsdiq edilir və bunun əsasında il ərzində işçilər əmək məzuniyyətinə buraxılırlar.

Əsas və əlavə məzuniyyətlər, onların müddətləri, sosial məzuniyyətlər barədə geniş məlumatlar verilib, suallar cavablandırılıb. Hər iki mövzu ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb.