Tacikistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub

2024.09.19 17:23 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Tacikistan Respublikası Hökuməti yanında İxrac Agentliyinin direktorunun birinci müavini Baxtiyor Nazirmadzodanın rəhbərlik etdiyi Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib.

AZPROMO-nun məlumatına görə, Agentliyin icraçı direktoru Yusif Abdullayev ölkəmizin ümumi iqtisadi mənzərəsi, Agentliyin fəaliyyəti, o cümlədən ixracın təşviqi mexanizmləri və təsdiqlənməsi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi haqqında məlumat verib. Bildirilib ki, Tacikistana və qonşu ölkələrə Tacikistandan tranzit yolu ilə ixracın potensialı yüksəkdir və bu müstəvidə əməkdaşlığın inkişaf etdirilməsi vacib məsələlərdəndir.

Tacikistan Respublikası Hökuməti yanında İxrac Agentliyinin direktorunun birinci müavini Baxtiyor Nazirmadzoda təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, Tacikistanın ticarət dövriyyəsi, eləcə də tranzit və logistika potensialı barədə məlumat verib. Ölkəmizlə ticarət əlaqələrinin genişləndirilməsinin Tacikistanın ikitərəfli ticarət münasibətlərinin diversifikasiyasına mühüm töhfə verə biləcəyi vurğulanıb.

Görüşdə ölkələrimizin strateji coğrafi mövqeyi nəzərə alınaraq ticarət və logistika sahələrində tərəfdaşlığın gücləndirilməsi perspektivləri yüksək qiymətləndirilib.