Azərbaycanın su resurslarının səmərəli idarə edilməsinə dair hesabat hazırlanıb

2024.09.18 14:32 (UTC+04:00)

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) "Su təhlükəsizliyi problemlərinin həll edilməsi üçün su sektorunda effektiv institutlara və proqramlara keçid" adlı hesabatı təqdim ediblər.

Hesabat iki tematik blok üzrə təşkil olunub: su sektorunda xidmətlərin göstərilməsi üçün institusional səmərəliliyin artırılması və su resurslarının idarə edilməsi üçün rəqəmsal alətlər.

Sənəddə Bakı və ətraf ərazilərdə su itkilərinin azaldılması, çirkab sutəmizləyici qurğuların istismarının səmərəliliyinin artırılması, kənd yerlərində və kiçik şəhərlərdə lisenziyalı xidmətlərin tətbiqi üçün prioritet strateji proqramların formalaşdırılması, daha iri şəhərlər üçün isə icra nəticələrinə və hədəflərə əsaslanan maliyyələşdirmə mexanizmlərinin tətbiqi üzrə tövsiyələr verilir.

Hesabat Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində hazırlanıb. AZTAF proqramı Aİ tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan, ümumi büdcəsi 5,25 milyon avro olan üçillik proqramdır. Proqramın məqsədi Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri və 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq hökumətə məsləhət və analitik dəstək göstərməkdir.