ƏDV-nin əvəzləşdirilməsini gecikdirmək olarmı?

2024.09.18 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 166-cı maddəsi ƏDV tutulan əməliyyatların aparıldığı vaxtı müəyyən edir. Məcəllənin 174.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq, hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.

Vergi ödəyicisi əvəzləşdirməni bu hüququn yarandığı ayda həyata keçirməlidir. Vergi ödəyicisi ödəmələri yanvar ayındakı elektron qaimə-faktura üzrə həyata keçirdiyi üçün əməliyyatları həmin ayın ƏDV bəyannaməsində qeyd etməlidir. Əgər vergi ödəyicisi həmin əməliyyatı yanvar ayının bəyannaməsində nəzərə almayıbsa, o zaman mart ayında yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etməlidir.

Ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.