Bu gün Azərbaycanda müxtəlif sektorlar üzrə 170-ə yaxın İraq şirkəti fəaliyyət göstərir.
Bunu Azərbaycan-İraq biznes forumunda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, Azərbaycan şirkətlərinin də İraqda fəaliyyəti üçün geniş potensial mövcuddur. Azərbaycan şirkətləri İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və hazırda bu ölkədə inşaat, enerji və su təchizatı, yol və körpülərin tikintisinə tələbin mövcudluğu yerli şirkətlərimiz üçün yeni imkanlar açır.
M.Cabbarov bildirib ki, ikitərəfli iqtisadi, xüsusilə də ticarət və investisiya əlaqələrinin möhkəmlənməsi üçün KOB-lar arasında qarşılıqlı təmasları artırmaq vacibdir. Yaradılacaq Azərbaycan-İraq Biznes Şurası KOB-lararası işbirliyinin daha da artırılmasında faydalı olacaq.