Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL

2024.09.17 14:27 (UTC+04:00)

Dünya iqtisadiyyatı qlobal təsirlərə qarşı dayanıqlılığı artırmaq, innovativ biznes sahələrini inkişaf etdirmək və biznesə başlamaq üçün daha əlverişli şəraiti təmin etmək üçün yeni çağırışlarla qarşılaşır, ortaq rifahın artırılması və biznes sahəsində vəziyyətin təkmilləşdirilməsi üçün müxtəlif alətlər yaradılır. Bir neçə il əvvəl Dünya Bankı Qrupu bu sahədə ölkələrdəki vəziyyətin araşdırılması üçün “Doing Business” qiymətləndirmə mexanizmindən istifadə edirdi. 2021-ci ilin sentyabrında ləğv edilmiş bu hesabatın əvəzinə Dünya Bankı Qrupu yeni hesabatlılıq sistemi – Business Ready (B-READY) – hazırlayıb.

Dünya Bankı Qrupunun “Business Ready” layihəsi üzrə Azərbaycanın reytinqini artırmaq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” işçi qrupunun başlıca məqsədlərindəndir. Qeyd edək ki, biznesin qeydiyyatı prosesi ölkəmizdə davamlı islahatlar çərçivəsində sadələşdirilib və bu göstərici üzrə Azərbaycan dünyada olan ən yaxşı təcrübələrdən birinə malikdir.

Buna baxmayaraq, bu sahədə həyata keçirilən işlər biznes mühitinin qlobal tələblərinə uyğun olaraq intensivləşdirilir və qeydiyyat prosedurları təkmilləşdirilir. Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, “Biznesə daxilolma” işçi qrupunun rəhbəri Samirə Musayeva bildirib. Bu məqsədlə bir sıra təşəbbüslər və yeniliklər həyata keçirilib.

Məhdud məsuliyyətli cəmiyyətlər üçün elektron xidmətlər genişləndirilib

S.Musayevanın sözlərinə görə, “Biznesə daxilolma” sahəsində həyata keçirilmiş 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzanın tətbiqi ilə bağlı texniki imkanların yaradılması kimi innovativ alət tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb.

Bundan başqa, rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin edilməsinin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Həmçinin, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin edilib. Bütün bunlar biznes qurmaq istəyənlər üçün lazım olan qaydaların mərhələlərinin, prosedurların və vaxt itkisinin əhəmiyyətli şəkildə azalmasına yol açıb, DVX-nın rəis müavini vurğulayıb.

Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir

İşçi qrupunun rəhbəri xatırladıb ki, bir müddət əvvəl kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində qüvvədə olan qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi aktiv müzakirə edilirdi. Biznesin qeydiyyatının sadələşdirilməsi və qeyd olunan islahatların həyata keçirilməsi məqsədilə “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanaraq Milli Məclisdə qəbul edilib və dövlət başçısı tərəfindən 2024-cü il iyulun 8-də təsdiqlənib.

Yenilənmiş qanunvericiliyə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. "Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edən bu addımdan irəli gələn texniki şərtlərin də yerinə yetirilməsi davam edir", - S.Musayeva əlavə edib.

Onlayn xidmətlərin genişləndirilməsi sahəsində görüləcək işlər

Onun sözlərinə görə, biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində bir çox işlər görülsə də bu proses daimi olaraq müasir tələblərə uyğunlaşdırılır.

S.Musayeva vurğulayıb ki, nəzərdə tutulan addımlara qeydiyyata qədər və qeydiyyatdan sonrakı prosesdə iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsinin əhatə dairəsinin genişləndirilməsi daxildir.

"Üstəlik, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın və kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanının yaradılması da gündəmdədir. Biznesə başlama sahəsində qaydalar sadələşdirildikdə sahibkarlar üçün yeni stimullar yaranır. Bu isə bütövlükdə ölkəmizdə iqtisadi aktivliyinin daha da yüksəlməsinə təsir göstərir", - DVX-nın rəis müavini qeyd edib.