Azərbaycanla Braziliya arasında aqrar sahədə ilk Anlaşma Memorandumu imzalanıb

2024.09.16 16:12 (UTC+04:00)

Azərbaycanla Braziliya arasında kənd təsərrüfatı sahəsində ilk Anlaşma Memorandumu imzalanıb.

Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, G20 Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində imzalanan memorandum ölkələrarası mövcud dostluq əlaqələrinin daha da genişləndirilməsinə xidmət edəcək.

Memorandum özündə elmi və texnoloji yeniliklərin, ekspertlərin, mütəxəssislərin mübadiləsini, birgə müəssisələrin, investisiyaların və digər əməkdaşlıq formalarının təşviqini ehtiva edir.

“İmzalanmış memorandumun ölkələrarası ticarət və aqrobiznes investisiyalarının təşviqinə mühüm töhfə verəcəyinə inanırıq”, - nazir qeyd edib.