Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər - MİSALLARLA

2024.09.16 11:53 (UTC+04:00)

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"na əsasən tənzimlənir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Qeyd edilən qərarda, əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı müəyyən edilib. Eyni zamanda bu peşə və vəzifələrə görə əlavə məzuniyyət günləri müyyən edilib.

Adıçəkilən qərara əsasən, bir neçə peşə və onlara verilməli əlavə məzuniyyət günlərinə nəzər salaq:

İstehsalat, peşə və vəzifə

Əlavə məzuniyyətin

müddəti (təqvim günləri)

  1. Dağ-mədən işləri

Metallurgiya istehsalı üçün qara və əlvan metalların və digər faydalı qazıntı yataqlarının tədqiq edilməsi, çıxarılması, sadalanan qazıntıların istifadəsi üçün şaxtaların, mədənlərin, karxanaların tikintisi, eləcə də geoloji kəşfiyyatda dağ-mədən işləri

Yeraltı dağ-mədən işləri

1

Aşağıdakı yeraltı işlərdə məşğul olan bütün peşələrin fəhlələri:

a) istismar olunan və tikilməkdə olan şaxtaların (mədənlərin) və lağım yollarının, eləcə də geoloji kəşfiyyatda

6

b) nəm şəraitdə şaxtaların səthindən dibə qədər olan şaquli hissələrinin qazılması və dərinləşdirilməsi

18

c) +26 0C və daha yüksək temperatur şəraitində

12

2

+ 26 0C və daha yüksək temperatur şəraitində yeraltı işlərdə daima məşğul olan dağ-mədən ustası və usta

12

3

İstismar olunan və tikilməkdə olan şaxtalarda (mədənlərdə) və lağım yollarında daima yeraltı işlərdə, eləcə də geoloji kəşfiyyatda məşğul olan mütəxəssislər və qulluqçular

6

Nazirlər Kabinetinin 30 may 2005-ci il tarixli 95 nömrəli Qərarına əsasən, əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, sexlərdə, sahələrdə, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verilir. İşçinin əlavə məzuniyyət almaq hüququ həmin iş yerlərində üst-üstə azı 6 ay işlədikdə yaranır.

Misal 1: İşçi 01.03.2023-cü il tarixdən elektrovoz maşinisti vəzifəsinə işə qəbul edilib. 01.11.2023-cü il tarixdə işçi məzuniyyətə çıxmağa dair ərizə təqdim edib. Bu halda işçiyə əlavə məzuniyyət hüququ əsas məzuniyyətə birləşdirilərək verilə bilərmi?

Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, elektrovoz maşinisti vəzifəsi üzrə 12 təqvim günü əlavə məzuniyyət nəzərdə tutulub.

İşçi 8 ay işlədiyi üçün əsas məzuniyyətindən istifadə etmək hüququ yaranır. Eyni zamanda əmək şəraiti zərərli və ağır olan iş yerində üst-üstə azı 6 ay işlədikdə əmələ gəlmiş əlavə məzuniyyət hüququ da yaranıb. Lakin işçinin 12 günlük əlavə məzuniyyətindən istifadə etməsi doğru deyil. Çünki əlavə məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verildiyi üçün ona işlədiyi vaxta mütənasib 9 gün (12 : 12) x 9 ) əlavə məzuniyyət verilə bilər.

İşçinin eyni vaxtda qərarda nəzərdə tutulmuş əmək şəraitinə görə iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, ona daha çox müddətli bir əlavə məzuniyyət verilir. Əlavə məzuniyyətin pul ilə əvəz edilməsi (kompensasiya edilməsi) qadağandır.

Misal 2: İşçi əlavə məzuniyyət hüququ verən işə 2020-ci ilin 3 fevral tarixində qəbul olunub. 2020-ci ilin sentyabrında o, işdən azad olunub. Bu halda ona pul kompensasiyası yalnız əsas məzuniyyətlərə görə verilir. Faktiki işlənmiş vaxta mütənasib olaraq istifadə edilməmiş əlavə məzuniyyətin günləri işçinin arzusu ilə əmək müqaviləsinə xitam verilərkən verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

Faktiki işlənmiş vaxta mütənasib olaraq əlavə məzuniyyət hüququ verən iş stajının hesablanması üçün zərərli və ağır iş şəraitli istehsalatlarda, sexlərdə, sahələrdə, peşələrdə və vəzifələrdə tam iş aylarının sayı il ərzində iş günlərinin cəmlənmiş sayının 30,4 günə bölünməsi ilə müəyyən olunur.

Bununla yanaşı, təqvim günlərinin orta aylıq sayının 30,4 gününün yarısından az təşkil edən günlərin qalığı hesabdan çıxarılır, təqvim günlərinin orta aylıq sayının yarısını və ondan çoxunu təşkil edən günlərin qalığı tam ay kimi sayılır.

Misal 3: Fəhlə iki ay müddətində poliizobutilen istehsalında spirtin dehidratlaşdırması sexində (əlavə məzuniyyətin müddəti - 12 təqvim günü), dörd ay isə rektifikasiya və polimerləşmə sexində (əlavə məzuniyyət müddəti - 6 təqvim günü) işləyib. Bu fəhləyə zərərli iş şəraitinə faktiki işlənmiş vaxta mütənasib olaraq 4 təqvim günü müddətində əlavə məzuniyyət verilməlidir (ildə 12 təqvim günü hesabından hər aya görə bir təqvim günü, spirtin dehidratlaşdırma sexində işlədiyinə görə, rektifikasıya və polimerləşmə sexində işlədiyi üçün ildə 6 təqvim günü hesabından hər aya görə 0,5 təqvim günü).

İşçinin eyni vaxtda nəzərdə tutulmuş əmək şəraitinə görə iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, ona daha çox muddətli bir əlavə məzuniyyət verilir.

Əmək şəraitinə və xarakterinə görə əlavə məzuniyyət və əmək stajına görə əlavə məzuniyyətlər, bir qayda olaraq, əsas əmək məzuniyyəti ilə birlikdə cəmlənərək verilməlidir.

Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək məzuniyyəti işçinin arzusu ilə hissələrə bölündüyü kimi, əlavə məzuniyyət də bölünə bilər.

Əlavə məzuniyyət hüququ olan işçilərə bir iş ilindən artıq dövrün bu əlavə məzuniyyətinin verilməməsi və ya onun başqa iş ilinə keçirilməsi qadağandır.

Misal 4: İşçi 2022-2023-cü iş ili üçün məzuniyyətdən istifadə etməyib. 2023-2024-cü iş ili üçün işçiyə məzuniyyət verildikdə yalnız bu iş ili üçün nəzərdə tutulmuş məzuniyyət istifadə edilməlidir. 2022-2023-cü iş ili üçün istifadə edilməmiş məzuniyyət yalnız Əmək Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verildiyi vaxt istifadə oluna bilər.

Misal 5: İşçinin 21 gün əsas məzuniyyəti və 6 gün zərərli əmək şəraitinə görə əlavə məzuniyyəti var. Onun ümumilikdə 27 gün məzuniyyət hüququ olacaq.
Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, sexlərdə, sahələrdə, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verilir.

Növbəti əsas əmək məzuniyyəti Siyahıda nəzərdə tutulmuş əlavə məzuniyyətin müddəti ilə eyni vaxta düşməyəndə işçiyə həmin məzuniyyətlər, bir qayda olaraq, tam və birlikdə verilir. Eyni zamanda gələn iş ilinin hesabına növbəti məzuniyyət hüququ verən iş stajı asas və əlavə məzuniyyətlər üzrə ayrı-ayrılıqda hesablanır.

Misal 6: Fəhlə 12 təqvim günü müddətində əlavə məzuniyyət hüququ verən zərərli əmək şəraiti olan istehsalatda işə 2022-ci ilin noyabrında qəbul olunub. 2023-cü ilin oktyabrında ona ümumilikdə 21+12 təqvim günü müddətində əmək məzuniyyəti verilib. 2024-cü il üçün əmək məzuniyyəti cədvəlinin hazırlanması zamanı həmin fəhləyə (ikinci iş ili üçün) əmək məzuniyyəti 2024-cü ilin iyununda nəzərdə tutulub. Bu halda, növbəti əmək məzuniyyəti avansla verildiyinə görə, əlavə məzuniyyət də avansla və tam verilməlidir.

Misal 7: Fəhlə təchizat şöbəsinə 2022-ci ilin avqustunda qəbul olunub. 2023-cü ilin fevralın 1-dən 12 təqvim günü müddətində əlavə məzuniyyət hüququ verən zərərli iş şəraitli işə keçirilib. 2023-cü ilin sentyabrından (ikinci iş ili üçün) məzuniyyətə getdiyi zaman bu fəhləyə növbəti əmək məzuniyyəti verilməsi zamanı əlavə məzuniyyət tam müddətə verilir. Bu halda növbəti əmək məzuniyyəti üçün iş stajı ayrı-ayrılıqda hesablanacaq. Əsas məzuniyyət iş ili üzrə 2023-cü ilin avqustundan 2024-cü ilin avqustunadək, əlavə məzuniyyət isə 2023-cü ilin fevralından 2024-cü ilin fevralınadək verilir.

Əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət hüququ verən əmək stajına aşağıdakı dövrlər daxil edilir:

- zərərli və ağır əmək şəraitində faktiki işlədiyi dövr;

- əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda iş yerinin və əməkhaqqının saxlanılması şərtilə işçinin işdən ayrıldığı dövr;

- qanunsuz və əsassız işdən çıxarılma, yaxud başqa işə keçirilmə ilə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;

- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

- təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.

Mənbə: Nüsrət Xəlilovun “Əmək qanunvericiliyinin praktiki izahı - 2024” kitabı