Səudiyyə Ərəbistanının 70-dək böyük şirkəti Azərbaycana səfər edəcək

2024.09.13 15:04 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Agentliyin məlumatına görə, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib. AZPROMO-nun sahibkarlar arasında əlaqələndirmə prosesində aktiv rol oynadığı və bu müstəvidə cari ilin 26 sentyabr tarixində Bakıda keçiriləcək Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) İqtisadi Forumunun əhəmiyyəti diqqətə çatdırılıb.

Səfir İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı və Azərbaycan arasında mövcud siyasi əlaqələri yüksək qiymətləndirərək iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. Bildirilib ki, bu ilin 30 sentyabr tarixində Səudiyyə Ərəbistanının 70-dək böyük şirkəti Azərbaycana səfər edəcək.

AZPROMO tərəfindən sözügedən şirkətlərlə yerli sahibkarlar arasında əlaqələrin qurulması ilə bağlı lazımi dəstəyin göstəriləcəyi diqqətə çatdırılıb.