Dekabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı"na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclasın gündəliyinə iki məsələ - "Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyası"nın layihəsinin müzakirəsi" və "İctimai əhəmiyyətli qurumlarda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi vəziyyəti barədə hesabat" daxil edilib.
İclasda çıxış edən Baş nazir ölkə rəhbərinin müəyyən etdiyi strateji xəttə əsaslanaraq Azərbaycanda dayanıqlı inkişafın təmin olunması məqsədilə adekvat addımların atıldığını, kompleks islahatların həyata keçirilməsi ilə makroiqtisadi sabitliyə nail olunduğunu, biznes və investisiya mühitinin xeyli yaxşılaşdırıldığını, sahibkarlığın inkişaf etdiyini, qeyri-neft ixracının artdığını xatırladıb. Bütün bu uğurların əhalinin sosial rifahının yaxşılaşmasına təsir göstərdiyini diqqətə çatdıran Novruz Məmmədov regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanda yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional siyasətin, sistemli tədbirlərin qlobal risklərin neytrallaşdırılmasına imkan yaratdığını bildirib.
İclasın gündəliyinə daxil olan mövzularla bağlı müzakirələrdən sonra Baş nazir tapşırıqların icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verib, qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıb.