Valentina Şabert: “İtaliya-Azərbaycan çoxtərəfli tərəfdaşlığı strateji xarakter daşıyır”

2024.09.12 14:02 (UTC+04:00)

“Artıq çoxdandır ki, İtaliya və Azərbaycan sadə enerji əməkdaşlığı çərçivəsindən kənara çıxıb. Bu gün onların əməkdaşlığı nəqliyyat, logistika, investisiya, mədəniyyət və siyasət də daxil olmaqla, geniş sahələri əhatə edir. Bu çoxtərəfli tərəfdaşlıq münasibətlərin strateji xarakter daşıdığını göstərir”.

İtaliyalı ekspert və analitik Valentina Şabert “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı ilə söhbətində fikrini əsaslandırmaq üçün 2022-ci il aprelin 2-də Bakıda keçirilmiş Azərbaycan və İtaliya arasında Strateji Dialoqun ilk iclasını xatırladıb. O vurğulayıb ki, bu iclas ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Görüşün yekunu olaraq ölkələr arasında münasibətləri yeni, daha yüksək səviyyəyə qaldıran protokol imzalanıb.

Ekspert əlavə edib ki, hər iki ölkə öz xalqına firavanlıq gətirəcək tərəfdaşlığa can atır. “Bu gün onlarla İtaliya şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində - kənd təsərrüfatı və tikintidən tutmuş İKT-yə qədər uğurla fəaliyyət göstərir”, - deyən V.Şabertin sözlərinə görə, bu fakt iki ölkə arasında tərəfdaşlığın çoxşaxəli xarakterini açıq şəkildə nümayiş etdirir. İtaliyalı investorlar regionda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün nəzərdə tutulmuş Ələt Azad İqtisadi Zonasına böyük maraq göstərirlər.

Son illər ənənəvi olaraq Azərbaycanın enerji resurslarının əsas istehlakçılarından biri hesab edilən İtaliya qeyri-neft və qaz məhsullarımızın TOP-20 idxalçısı sırasına inamla daxil olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycandan İtaliyaya qeyri-neft-qaz ixracı 42 milyon dolları ötüb.

Bərpaolunan enerji mənbələri sahəsini iki ölkə arasında əməkdaşlığın perspektivli sahələrindən biri hesab etmək olar. Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində İtaliya və Azərbaycan davamlı inkişaf, yaşıl enerji və bərpaolunan mənbələr məsələlərini fəal şəkildə müzakirə edirlər. V.Şabertin sözlərinə görə, bu, iki respublikanın qlobal ekoloji problemləri birgə həll etməyə hazır olduğunu göstərir.

Ekspert qeyd edib ki, Azərbaycan və İtaliya şirkətləri termokimyəvi emal texnologiyalarından istifadə etməklə yaşıl layihələr üzərində işləmək üçün müqavilələr imzalayıblar. İtaliyanın enerji şirkətləri ətraf mühitin mühafizəsi və bərpaolunan enerji məsələlərində geniş təcrübəyə malikdir: “Daha sıx əməkdaşlıq külək, dəniz, günəş və geotermal enerji sahələrində qarşılıqlı faydalı layihələrin inkişafına kömək edə bilər”.

Tamilla MƏMMƏDOVA