4SİM ilə “Binance” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

2024.09.11 16:26 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Binance Investments Co. Ltd. (“Binance”) şirkəti Azərbaycanda blokçeyn təhsili və texnologiya tətbiqinin gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Məlumata əsasən, sənədi 4SİM-in icraçı direktoru Fariz Cəfərov və “Binance” şirkətinin Regional bazarlar üzrə baş rəhbəri Vişal Saçindran imzalayb.

Bu tərəfdaşlıq Azərbaycan gənclərini və mütəxəssislərini Web3, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərlə təmin etmək istiqamətində mühüm addımdır.

Memorandum çərçivəsində “Binance” şirkəti özünün strateji təhsil tərəfdaşı Binance Blokçeyn və Süni İntellekt Mərkəzi (Blockchain and AI Technology Center Binance) ilə birlikdə Qlobal Universitetlərə Yardım Proqramı (GUOP) çərçivəsində Azərbaycan universitetləri ilə əməkdaşlıq edəcək. Bu əməkdaşlıq tədris proqramlarının hazırlanması, sənaye mütəxəssislərinin mühazirələri və müəllimlər üçün birgə seminarların təşkili kimi fəaliyyətləri əhatə edir. Bundan əlavə, Binance Akademiyası blokçeyn, NFT və metavers kimi mövzuları əhatə edən akkreditə olunmuş onlayn kurslar təklif edəcək. Kurslar Azərbaycan və İngilis dillərində olacaq.

"Bizim tərəfdaşlığımız ölkədə təhsil və sənayenin inkişafına sadiqliyimizi nümayiş etdirir. Biz birlikdə blokçeyn və rəqəmsal aktivlərdə innovasiya və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcəyik. Məqsədimiz tələbələri və mütəxəssisləri rəqəmsal iqtisadiyyat üçün lazım olan bacarıqlarla təmin etməkdir”, - deyə Vişal Saçindran bildirib. “Web3 və blokçeyn texnologiyasında öyrənmə və innovasiya üçün dəyərli imkanlar təmin edərək Azərbaycanda maarifləndirmə və blokçeyn təşəbbüslərini inkişaf etdirmək üçün lokallaşdırılmış təhsil proqramlarını dəstəkləməkdən məmnunuq”.