Dividend kimlərə ödənilməlidir?

2019.07.24 11:23 (UTC+04:00)

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərkən bildirib ki, qanunvericiliyə əsasən, təsisçi qismində həm hüquqi, həm də fiziki şəxslər çıxış edə bilər. Amma fiziki şəxslərin sahibkarlıq fəaliyyətində dividend anlayışı yarana bilməz, çünki dividendlər yalnız hüquqi şəxsin öz təsisçilərinə (payçılarına) və ya səhmdarlarına ödənilən məbləğdir.

Ekspert qeyd edib ki, Mülki Məcəllənin 90-1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ümumi yığıncaq tərəfindən qəbul edilən qərar əsasında nizamnamədə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. MMC dividend verdikdə, hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ nəzərə alınır. Dividend qərar qəbul olunduqdan sonra bir ay müddətində ödənilməlidir.

MMC-lərdə dividend verilməsi ilə bağlı qadağalar da mövcuddur. Misal üçün, xalis aktivlərinin dəyəri 30.000 manat olan təşkilatın nizamnamə kapitalı 35.000 manat təşkil edirsə, həmin təşkilat dividend verə bilməz. Çünki xalis aktivlərin dəyəri nizamnamə kapitalının məbləğindən az olduğu üçün qanunvericilik ona dividend verilməsini qadağan edir.

Başqa bir misala baxaq. Tutaq ki, təşkilatın xalis aktivlərinin dəyəri 50.000 manat, nizamnamə kapitalı isə 40.000 manatdır. Əgər 12.000 manat dividend verilməsi qərarlaşdırılarsa, bu halda dividendin verilməsi qanunaziddir. Çünki qərarın qəbul edilməsi nəticəsində xalis aktivlərin dəyəri (38.000 manat = (50.000 manat – 12.000 manat)) nizamnamə kapitalı məbləğindən (40.000 manat) az olacaq.

Qanunvericilikdə MMC-lərə dividend verilməsinin başqa halı da müəyyən edilir. Qərar qəbul olunduğu anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun olduqda və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gəldikdə, dividend verilməsi qadağandır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI