DVX Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması məqsədilə təkliflərin qəbulunu həyata keçirir VİDEO

2024.09.10 15:49 (UTC+04:00)

Hörmətli vergi ödəyiciləri!

Son illərdə aparılan uğurlu islahatlar, aparıcı dünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid, ölkənin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının icrası, vergi sisteminin səmərəliliyinin artırılması mövcud Vergi Məcəlləsinin daha da rəqabətqabiliyyətli və anlaşılan olmasını, bir sıra məsələlərin detallı tənzimlənməsini və mövcud maddələrin tərkib elementlərinin təkmilləşdirilməsini zəruri edir.

Əlverişli biznes mühitinin yaradılması, habelə dövlət-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması baxımından biznes nümayəndələri ilə fikir mübadiləsinin aparılması, onların rəy və təkliflərinin, qarşılaşdığı çətinliklərin, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi prosesində onların təkliflərinin dinlənilməsi və öyrənilməsi məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi olaraq sahəvi görüşlər keçirilib. Həmin görüşlərdə irəli sürülən bir sıra təkliflər uğurlu təcrübələr də nəzərə alınmaqla vergi qanunvericiliyində aparılmış dəyişikliklərdə öz əksini tapıb. Bu baxımdan sahibkarlar, sahəvi assosiasiyalar, bütövlükdə biznes və ictimaiyyət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təqdim ediləcək təkliflər xüsusi önəm daşıyır.

Bu çərçivədə Dövlət Vergi Xidməti qarşıdakı 1 ay ərzində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar ölkədə biznesin inkişafına təkan verəcək, sahibkarlıq fəaliyyəti zamanı ortaya çıxan çətinliklərin həllinə yönəlmiş Vergi Məcəlləsində tənzimlənməyən, habelə Vergi Məcəlləsində olub təkmilləşdirilməsi zəruri hesab edilən istiqamətlərə dair əsaslandırılmış təkliflərin qəbuluna başlayır.

Bununla bağlı vətəndaşlar, biznes ictimaiyyəti və vergi ödəyiciləri tərəfindən təkliflərin təqdim edilməsi üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində ayrıca bölmə yaradılıb. Rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki rəsmi səhifələrində həmin bölməyə xüsusi keçid linkləri yerləşdirilib.

https://www.taxes.gov.az/az/page/vergi-mecellesinin-yeni-strukturunun-hazirlanmasi-meqsedile-tekliflerin-qebulu

Biznes cəmiyyətini, sahibkarları vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə öz töhfəsini verməyə dəvət edirik.