Sentyabrın 25-26-da Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən beynəlxalq karbon qiymət qoyma üzrə konfrans təşkil olunacaq.
Bunu “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edərkən Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
S.Musayevanın sözlərinə görə, konfransın məqsədi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin vergi administrasiyaları və beynəlxalq təşkilatların iştirakı ilə karbon qiymət qoyma siyasətlərinin uzlaşdırılması və qlobal emissiyada payı çox olan ölkələrlə emissiyada payı az olan ölkələrin sənayelərinin inkişaf templəri nəzərə alınmaqla, harmonizə edilmiş, lakin bərabərləşdirilməmiş bir karbon qiymət qoyma siyasətinin formalaşdırılmasıdır.
"Biz bu prosesi, təbii ki, KOB-ların maraqlarını gözləməklə, onların inkişaf meyillərinə mane olmamaqla və bu sahədə toplanan vəsaitlər, karbon vergiləri məhz yenidən biznesə reinvestisiya edilməklə, biznesin bu sahədə inkişafina dövlət dəstəyi tədbirləri ilə əhatə olunmaqla həyata keçirməyi planlaşdırırıq ",- S.Musayeva qeyd edib.