Muxtar Babayev: “Azərbaycanda yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm addımlar atılıb”

2024.09.09 11:40 (UTC+04:00)

“Son illərdə Azərbaycanda yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm addımlar atılıb”.

Bunu “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda çıxış edərkən ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında dayanıqlı inkişafın bir komponenti olan yaşıl iqtisadiyyata keçid mühüm yer tutur.

"Bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual məsələlərdən biridir. Eyni zamanda bu, bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir.

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişaf üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir",- nazir qeyd edib.