Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir.
Bu sözləri “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir əlavə edib ki, bu potensialdan istifadə istiqamətində dünyanın aparıcı enerji şirkətləri ilə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində mühüm layihələr həyata keçirilir: “Bütün bunlar 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması hədəfinə nail olunmasına istiqamətlənib".
Nazir yaşıl enerji zonası elan olunan Qarabağ və Şərqi Zəngəzurun yüksək potensialını vurğulayaraq bu ərazilərin yaşıl enerji mənbələrinə malik olduğunu bildirib. "Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında günəş enerjisi potensialı, Laçın və Kəlbəcər rayonlarında külək və su elektrik enerjisi potensialı yüksək qiymətləndirilir. Hökumət tərəfindən Qarabağda bizneslərin inkişafının stimullaşdırılması üçün təşviq mexanizmləri, güzəştlər, stimullaşdırıcı tədbirlər təqdim edilir",- M.Cabbarov əlavə edib.