Ekoloji təmiz avtomobillərin idxalı artıb

2024.09.05 15:39 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə 71,5 milyon ABŞ dolları dəyərində 1792 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 16,6 faiz və ya 10,1 milyon dollar, say baxımından isə 20,1 faiz və ya 300 ədəd üstələyir.

Ümumilikdə cari ilin ilk 7 ayında ölkəyə 943,79 milyon dollar dəyərində 51,1 mindən çox nəqliyyat vasitəsi idxal edilib. Ötən ilin yanvar-iyul aylarına nisbətdə bu göstəricilər üzrə dəyər ifadəsində 4,8 faiz artım, say baxımından isə 9,8 faiz azalma qeydə alınıb. Hesabat dövründə avtomobil idxalının strukturunda elektromobillərin payı 3,5 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,88 faiz bəndi çoxdur.