Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 28-də Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, Hazırda bu münasibətlərin daha yüksək zirvəyə qalxdığını qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin dövlət başçıları arasında həm Azərbaycanda, həm Türkiyədə, həm də beynəlxalq tədbirlərdə keçirilən görüşlərin və çoxsaylı təmasların əlaqələrimizin daha da möhkəmlənməsi baxımından xüsusi rol oynadığını bildirib.
Qəbula görə minnətdarlığını bildirən qonaq, Türkiyə-Azərbaycan əlaqələrinə toxunaraq qeyd edib ki, əlaqələrimiz böyük lider, görkəmli dövlət xadimi Heydər Əliyevin dediyi kimi: "Bir millət, iki dövlət" prinsipi üzərində qurulub və bu gün uğurla inkişaf edir. Türkiyəli nazir bəyan edib ki, başda Dağlıq Qarabağ məsələsi olmaqla, Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci isə Türkiyənin sevincidir.