Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir?

2024.09.05 11:53 (UTC+04:00)

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən daha 3 il uzadılaraq 4 il müddətinə gəlir vergisindən azaddır.

Misal 1: Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan “AA” MMC-nin 2024-cü ilin əvvəlinə 25.000 manat bölüşdürülməmiş mənfəəti olub. Bu mənfəətin 20.000 manatlıq hissəsinin müəssisənin təsisçisinə dividend verilməsi qərara alınıb. Bu zaman həmin məbləğdən vergi necə hesablanmalıdır?

Vergi Məcəlləsinin 102.1.11-1 maddəsinə görə, rezident müəssisə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğu üçün onun təsisçisinin dividend gəlirləri vergidən azaddır. Bu səbəbdən ödəniləcək dividend məbləğindən heç bir vergi hesablanmayacaq.

Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də 01.01.2024-cü il tarixindən etibarən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində vergi faizinin 10 faizdən 5 faizə azaldılmasından ibarətdir. Vergi Məcəlləsində edilmiş daha bir dəyişikliyə əsasən isə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının və dövlətin adından yaradılmış publik hüquqi şəxslərin dividend gəlirləri 5 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Xatırladaq ki, dəyişiklikdən əvvəl qeyd edilən vergi ödənişlərinə münasibətdə dividend gəlirlərinə görə vergi azadolması tətbiq edilirdi.

Həmçinin 01.01.2019-cu il tarixdən ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyekti olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri gəlir vergisindən azaddır. 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri də gəlir vergisindən azad edilib.

Misal 2: Dövlət adından yaradılan publik hüquqi şəxsin hesabat ilində 100.000 manat bölüşdürülməmiş mənfəəti qalıb. Müəssisə bu məbləği 2024-cü ildə dividend şəklində təsisçilər arasında bölüşdürmək qərarına gəlib. Hesablanmalı olan ödəmə mənbəyində vergini tapaq.

2023-cü ilədək, Vergi Məcəlləsinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslərin dividend ödənişləri vergidən azad hesab olunurdu. 2024-cü ildə Vergi Məcəlləsinin 106.1.4-cü maddəsinə edilən dəyişikliyi nəzərə alaraq, dövlət adından yaradılan publik hüquqi şəxsin dividend ödənişi 5 faiz dərəcə ilə ödəniş zamanı ödəmə mənbəyində vergi öhdəliyi yaradacaq.

100.000 x 5% = 5.000 manat.

Misal 3: ƏDV ödəyicisi olmayan mikrosahibkarlıq subyektinin hesabat ilinin nəticəsinə uyğun olaraq 15.000 manat bölüşdürməmiş mənfəəti olub. Müəssisə bu mənfəəti dividend şəklində öz təsisçiləri arasında bölüşdürmək qərarına gəlir. Bu zaman dividend ödənişinə görə hansı vergi öhdəliyi yaranacaq?
Müəssisə ƏDV ödəyicisi olmayan mikrosahibkarlıq subyekti olduğu üçün dividend ödənişləri ödəmə mənbəyində vergiyə cəlb olunmayacaq və heç bir vergi öhdəliyi yaratmayacaq.

Misal 4: Hesabat ilinin nəticələrinə görə 40.000 manat xalis mənfəət əldə edən və 01.01.2024-cü il tarixinə kimi 90.000 manat bölüşdürülməmiş mənfəəti olan orta sahibkarlıq subyekti ümumi 130.000 manat bölüşdürülməmiş mənfəətinin 110.000 manatını təsisçilərə dividend elan edərək onlar arasında bölüşdürür. Ödənişlərin 2024-cü ildə olacağını nəzərə alaraq, ödəmə mənbəyində vergini müəyyən edək.

Vergi Məcəlləsində edilmiş son dəyişiklikdən sonra dividend ödənişlərinə münasibətdə ödəmə mənbəyində vergi 10 faiz deyil, 5 faiz təşkil edir. Bu səbəbdən, bölüşdürülməmiş mənfəətin hansı tarixdə formalaşmasından asılı olmayaraq, 2024-cü ildə ödənilən dividend üçün ödəmə mənbəyində 5 faiz vergi öhdəliyi yaranacaq:

110.000 x 5% = 5.500 manat.