İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB-ların “yaşıl layihə”lərinin inkişaf etdirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib.
Agentliyin məlumatına görə, KOB subyektlərinin bərpaolunan enerji qaynaqlarından elektrik enerjisi istehsal edə bilən şarj stansiyasının və şarj cihazının istehsalı, bunun üçün lazım olan proqram təminatının hazırlanması, binalarda enerji sərfiyyatının azaldılması və bir çox digər layihələrinə Agentlik tərəfindən 338 min manatdan çox qrant ayrılıb, vergi güzəştini nəzərdə tutan “Startap” şəhadətnamələri verilib.
Bununla yanaşı, təkrar emal və tibbi tullantıların zərərsizləşdirilməsinə dair sahibkarların müraciəti əsasında daxili bazar araşdırmaları aparılıb. Eyni zamanda KOBİA tərəfindən sahibkarlara “yaşıl iqtisadiyyat” ilə bağlı təlim və məsləhət xidmətləri göstərilib. Təkcə 2024-cü ildə Agentlik Bakı şəhərində, Lənkəran, Şəki və Xaçmaz rayonlarında 140-a yaxın KOB subyektinin iştirakı ilə “Yaşıl iqtisadiyyat və yaşıl biznes”, “Yaşıl maliyyələşmə”, “Yaşıl innovasiyaların inkişafında mövcud imkanlar, çətinlik və perspektivlər” mövzularında təlim, seminar və maarifləndirmə tədbirləri təşkil edib.
Sahibkarların “yaşıl layihə”lərinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib.
Biznes subyektlərinin ətraf mühitə təsirini ölçmək, istifadə etdikləri resurslardan isifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən sahibkarlar üçün özünüqiymətləndirmə platforması (https://yb.smb.gov.az/) yaradılıb. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək müvafiq sualları cavablandırmaqla enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirərək zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər.