Azərbaycan şirkəti Körfəz ölkələrinin bazarına çıxır

2024.08.30 16:59 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkda yetişdirilən xurma Körfəz ölkələrinə ixrac ediləcək. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına sözügedən aqroparkın rezidenti “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, aqroparkdakı xurma bağları təxminən 2 ilə məhsul verəcək: “Bizim əsas məqsədimiz bütün rezidentlərin məhsullarını xarici bazarlara çıxarmaqdır. Körfəz ölkələrinə çıxmaqla Rusiya bazarından asılılığı nisbətən azaldacağıq. Körfəz ölkələrinə digər meyvələri də ixrac edəcəyik. Bizim məhsullar həmin ölkələrdə Hollandiya, İspaniya məhsulları ilə eyni səviyyədə qəbul edilir”.

S.Xeyirbəyov əlavə edib ki, hələlik aqrobağlardakı tinglər məhsul vermədyinə görə digər rayonlarda yetişdirilmiş 40 ton almanı Dubaya ixrac ediblər. Bu ilin payız aylarında Dubay və Omana 100 ton xurma və alma ixracı nəzərdə tutulur. 2025-ci ildə Dubaya şaftalı, nektarin və əriyin də ixracı planlaşdırılır.