“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şərqi Zəngəzur iqtisadi rayonunun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürü sahəsində geoloji tədqiqatların ikinci mərhələsinin – ilkin kəşfiyyat işlərinin icrasına başlayıb.
QSC-nin məlumatına əsasən, “AzerGold” ümumi sahəsi 27 min 360 hektar olan təzahür sahəsində mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 5703 hektar ərazidə tədqiqatların 1-ci mərhələsini – axtarış-qiymətləndirmə işlərini yekunlaşdıraraq növbəti mərhələyə keçib. Tədqiqatların 2-ci mərhələsində ərazidə buruqqazma işləri həyata keçirilir. Daha sonra filizlərin həcmi ilkin olaraq müəyyən ediləcək, metalın filizdən çıxım miqdarını müəyyənləşdirmək üçün metallurji tədqiqatlar aparılacaq. Paralel olaraq “Tutxun” təzahür sahəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam etdirilir, ərazilər təmizləndikcə QSC tərəfindən mərhələli şəkildə geoloji tədqiqatlar həyata keçirilir.
Həmçinin “AzerGold” QSC torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir. Bu xüsusda, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1624 kvadratkilometr sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk çəkilişləri həyata keçirilib. Nəticədə böyük vaxt və vəsait tələb edən buruqqazma işlərinə qənaət edilib, tədqiqatların daha kiçik arealı əhatə edən dəqiq koordinatlar daxilində aparılmasına zəmin yaradılıb.
Xatırladaq ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis minerallaşmasının olduğu proqnozlaşdırılır.