Eran Yaakov: "Azərbaycanın dövlət qurumlarının fəaliyyəti yüksək peşəkarlığı və effektivliyi ilə seçilir"

2019.07.22 14:15 (UTC+04:00)

- Cənab Yaakov, Azərbaycan ilə İsrailin vergi administrasiyaları arasında əməkdaşlıq səviyyəsini necə qiymətləndirərdiniz?

- İsrail və Azərbaycanın vergi orqanları arasında qurulmuş münasibətlər çox yaxşı səviyyədədir. Biz administrasiyalarımız arasında münasibətlərin daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün əlavə yolları araşdırmaq niyyətindəyik.

- Səfəriniz çərçivəsində Azərbaycanın vergi xidmətinin rəhbərliyi ilə əlaqələrin daha da genişləndirilməsi perspektivlərini müzakirə etmisiniz. Bu görüşlərin gələcək əməkdaşlığın inkişafına təsirini necə qiymətləndirirsiniz?

- Azərbaycanın vergi və gömrük orqanlarında keçirdiyimiz görüşlər bizə peşəkar əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanların müəyyənləşdirilməsinə zəmin yaradır. Zənnimcə, bu cür əməkdaşlığın inkişafına işgüzar səviyyədə nümayəndə heyətlərinin mübadiləsi və maraq doğuran müxtəlif sahələr üzrə qarşılıqlı yardım vasitəsilə nail olmaq mümkündür.

- Azərbaycanda silsilə görüşlər keçirmiş və bir sıra qurumların fəaliyyəti ilə tanış olmusunuz. Elə istiqamətlər varmı ki, həmin sahələrdə İsrail Azərbaycan təcrübəsini öyrənə və ya əksinə, öz qabaqcıl təcrübəsini Azərbaycanla paylaşa bilər?

- Səfərim zamanı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin fəaliyyəti barədə ilk mənbədən əyani şəkildə məlumat əldə etmək imkanımız oldu. Nazirliyin Çağrı Mərkəzinin fəaliyyəti və "Bir pəncərə" qeydiyyat sistemi, o cümlədən vergi sistemində rəqəmsal imkanlar və gömrükdə elektron bəyannamələrin tətbiqini izlədik. Bu imkanlar bizdə xoş təəssüratlar yaratdı. Hesab edirik ki, Azərbaycan tərəfi ilə riskin qiymətləndirilməsi və gömrük əməliyyatları sahələrində öz bilik və təcrübələrimizi bölüşə bilərik. Həmçinin digər maraq doğuran sahələr üzrə də əməkdaşlıq edə bilərik.

- Azərbaycana ilk dəfədir ki gəlirsiniz. Ölkəmizlə bağlı təəssüratlarınız necədir?

- Mən burada səmimi insanlarla tanış oldum. Səfər zamanı qonaqpərvərlik və özümə qarşı yüksək səviyyədə diqqət gördüm. Azərbaycanın dövlət qurumlarının fəaliyyəti yüksək peşəkarlığı və effektivliyi ilə seçilir. Qısa səfərim zamanı mənə ölkənizin zəngin tarixi barədə məlumat verildi. Azərbaycan xalqının yəhudi xalqına xoş münasibəti də mənə xüsusilə böyük təsir bağışladı.

Mən nazir Mikayıl Cabbarova xüsusi təşəkkür etmək istərdim. Onunla idarəetmə sahəsində maraqlı söhbətlərimiz oldu. Bizə Azərbaycanda vergi sistemi haqqında məlumat almağa və Azərbaycan xalqının tarixi ilə tanış olmağa imkan yaratdıqları üçün hər kəsə təşəkkür edirəm. Gələcəkdə əməkdaşlığımızı davam etdirməyə və dərinləşdirməyə ümid edirəm: hər şey bizdən asılıdır.