“Bakı və Şuşa şəhərlərində Özbəkistanın şou-rumu, milli pavilyonları və ticarət evlərinin, Daşkənd və Səmərqənd şəhərlərində isə Azərbaycanın ticarət evlərinin açılması nəzərdə tutulur”.
Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə baş tutan Özbəkistan-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan və Özbəkistan bir sıra iqtisadi sahələrdə, o cümlədən qarşılıqlı ticarətin şaxələndirilməsi sahəsində fəal əməkdaşlıq edirlər. Tərəflər idxalı əvəzetmə proqramları və infrastrukturun yaradılmasını müzakirə edirlər ki, bu da satışların təşviqinə töhfə verəcək. Sənaye kooperasiyasının fəal şəkildə inkişaf etdirilməsi də planlaşdırılır.
Digər əməkdaşlıq sahəsi dağ-mədən sənayesində birgə layihələrin həyata keçirilməsidir. Hər iki ölkənin böyük xammal bazası var. Laziz Kudratovun sözlərinə görə Özbəkistan Azərbaycan ərazisində mineral ehtiyatların işlənməsinə, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində istifadə oluna biləcək tikinti materialları istehsalının yaradılmasına hazırdır.
Nazirin sözlərinə görə, energetika və neft-qaz sənayesi sahələrində əməkdaşlıq müsbət dinamikaya malikdir. Tərəflər yaşıl enerjinin istehsalı və daha sonra Azərbaycan vasitəsilə Avropa ölkələrinə ixracı layihəsi üzərində işləyirlər.