Özbəkistan-Azərbaycan biznes forumu keçirilib YENİLƏNİB

2024.08.22 15:05 (UTC+04:00)

Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda investisiya tərəfdaşlığının gücləndirilməsi, yeni birgə layihələrin gerçəkləşdirilməsi imkanları müzakirə olunub.

Daşkənd şəhərində Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı, avtomobil sənayesi, nəqliyyat-logistika, səhiyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib.

Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.

Vurğulanıb ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə təkan verəcək. Keçirilən birgə işgüzar tədbirlərin yeni layihə və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də bu sahədə təşəbbüslərin uğurla reallaşdırılması baxımından mühüm rolu qeyd olunub. İki ölkənin qarşılıqlı iqtisadi-ticarət münasibətləri də inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Özbəkistanla investisiya sahəsində işbirliyi isə çoxtərəfli xarakter daşıyır. 2024-2025-ci illər üçün iqtisadi-ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsinə dair birgə yol xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu kontekstdə 500 milyon ABŞ dolları dəyərində nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin rolu xüsusi qeyd edilib. Hazırda şirkətin 15 birgə layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil apardığı diqqətə çatdırılıb. Sahibkarlar investisiya şirkətinin imkanlarından yararlanmağa dəvət edilib.

Bununla yanaşı, ölkələrimizin regional nəqliyyat və enerji təşəbbüsləri çərçivəsində uğurlu ortaq fəaliyyətindən bəhs edilib. “Yaşıl” enerjinin Mərkəzi Asiyadan Azərbaycan ərazisindən keçməklə Avropaya ixracının önəmi vurğulanıb.

Forumda Azərbaycanda investorlar üçün yaradılan əlverişli biznes və investisiya mühiti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təqdim etdiyi imkanlar haqqında məlumat verilib.

Tədbirdə, həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, “Businesstex” şirkətinin baş direktoru Nodir Pulatov, “Iticket Azerbaijan” şirkətinin baş direktoru Kamran Abasov, “Bazalt Uzbekistan” şirkətlər qrupunun kommersiya direktoru Temur Mamadaminov reallaşdırılan birgə layihələr və ölkələrimizin investisiya perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş direktoru Nazim Hacıyev qarşılıqlı sərmayə yatırımı imkanları, Özbəkistanın Azərbaycanda fəxri konsulu Kənan Cəlilov isə iqtisadi-ticarət tərəfdaşlığının genişlənməsinə dair çıxış ediblər.

Forumda Azərbaycan-Özbəkistan əlaqələrinə dair videoçarx nümayiş olunub.

Biznes forum çərçivəsində energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Şəhrisəbz və Beyləqan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlər mübadilə olunub.

Tədbir B2B formatında görüşlərlə davam etdirilib.

14:10

"Dövlət başçısının Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə Özbəkistan - Azərbaycan biznes forumunda iştirak etdik. Həmkarım, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla iki ölkə arasında 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda birgə fəaliyyətimizi müzakirə etdik".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

"Forum əməkdaşlığımızın şaxələnməsi baxımından faydalı platformadır", - nazir əlavə edib.