Azərbaycan Dağıstanda keçiriləcək Xəzər Rəqəmsal Forumuna dəvət olunub

2024.08.21 17:16 (UTC+04:00)

Azərbaycan noyabrda Dağıstanda (Rusiya Federasiyası) keçiriləcək II Beynəlxalq Xəzər Rəqəmsal Forumuna dəvət olunub.

Tədbirin əsas mövzusu rəqəmsal texnologiyalardan istifadə etməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına həsr olunacaq.

“Biz Xəzəryanı regionun bütün dövlətlərinin - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanın nümayəndələrini dəvət etmişik”, - deyə Dağıstan regionunun rəqəmsal inkişaf naziri Yuri Həmzətov qeyd edib.

Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər. Forumda 8 ölkədən 4 işçi qrupunun və 30 sənaye ekspertinin iştirakı gözlənilir.

Qeyd edək ki, Dağıstanda keçirilən ilk Beynəlxalq Xəzər Rəqəmsal Forumu öz platformasında 600-dən çox insanı toplayıb.

AZƏRTAC