Stanislav Pritçin: “Bakının BRİKS-ə daxil olması təşkilatın nüfuzunun xeyli artmasına səbəb olacaq”

2024.08.21 16:44 (UTC+04:00)

“Azərbaycanın BRİKS-ə daxil olması təşkilatın postsovet məkanında nüfuzunun əhəmiyyətli dərəcədə güclənməsinə gətirib çıxaracaq və ölkə iqtisadiyyatının daha da şaxələndirilməsinə töhfə verəcək”.

Bu barədə iqtisadçı ekspert, Rusiya Elmlər Akademiyasının E. M. Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (İMEMO RAN) Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçin “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına məlumat verib.

“Azərbaycanın Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olduğunu nəzərə alsaq, onun BRİKS sisteminə inteqrasiyası postsovet məkanındakı bir çox ölkələr üçün yaxşı nümunə olacaq. Çünki Azərbaycan uğurlu xarici siyasəti həyata keçirir və cəsarətli, qeyri-ənənəvi addımlar atmağa hazırdır. Bu baxımdan, əlbəttə ki, Bakının üzv olması təşkilatın postsovet məkanında nüfuzunun əhəmiyyətli dərəcədə güclənməsinə gətirib çıxaracaq”, - ekspert deyib.

Pritçin xatırladıb ki, təşkilatın bir sıra üzvləri, o cümlədən Çin və Rusiya, eləcə də təşkilata üzv olmaq üçün müraciət etmiş Pakistan Azərbaycanın mühüm iqtisadi və siyasi tərəfdaşlarıdır.

Ekspert Rusiya və Çinlə əməkdaşlığın və sənaye kooperasiyasının dərinləşməsi kontekstində Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi imkanlarını istisna etməyib. Onun sözlərinə görə, Rusiya və Çinin Avrasiyada nəqliyyat xəttlərinin əlaqələndirilməsi planlarını nəzərə alaraq nəqliyyat sahəsi də mütləq bu əməkdaşlığının bir hissəsi olacaq.

Pritçin həmçinin yaşıl enerjinin inkişafı üçün yaxşı imkanları, o cümlədən Rusiya ilə nüvə enerjisi və Çinlə günəş panellərinin istehsalı üzrə əməkdaşlıq potensialını qeyd edib.

Xatırladaq ki, Azərbaycan bu yaxınlarda BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib. 9 üzvün (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və BƏƏ) daxil olduğu təşkilat 2006-cı ildə yaradılıb. 2009-cu ildən BRİKS hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasəti koordinasiya edən vahid geosiyasi bloka çevrilib.