Azərbaycanın ən böyük filtr istehsalçısı MDB ölkələrinin bazarına daxil olacaq

2024.08.21 11:48 (UTC+04:00)

Azərbaycanın avtomobil, sənaye və kənd təsərrüfatı texnikası üçün filtrlərin ilk və ən böyük istehsalçısı olan “Az Filter” MMC məhsulları ilə Rusiya, eləcə də digər MDB ölkələrinin bazarlarına daxil olmağı planlaşdırır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin prezidenti Fərhadian Abuzər deyib.

Onun sözlərinə görə, məhsullarını Gürcüstan və Qazaxıstana ixrac edirlər. Bu ölkələrə əsasən, yük və minik avtomobilləri üçün hava filtrləri satırlar.

“Az Filter” dünyadakı 45 min növ filtrin təxminən 10 faizini – 4500 filtri Azərbaycanda istehsal edə bilir. Şirkət hazırda dünyadakı bütün növ yük maşınlarının filtrlərini, qızıl mədənlərində suların təmizlənməsi, eləcə də cərrahiyyə otaqları üçün havanın təmizlənməsi üçün tələb olunan filtrləri istehsal edir.

2002-ci ildən rəsmi olaraq, fəaliyyətə başlayan müəssisə hər 3-5 aydan bir bazara yeni məhsul çıxarır. Azərbaycan bazarında filtrlərin daha mükəmməl istehsalı üçün intensiv strateji planlar tərtib edərək onları həyata keçirən MMC bu il ərzində minik avtomobilləri və böyük yük maşınları üçün metal konstruksiyalı yağ filtrlərinin (SPİN) də istehsalına başlayacaq. Bununla yanaşı, bu il yeni növ hava təmizləyici kondisioner, kabin filtri istehsal edəcəklər.

A.Fərhadian Ələt azad iqtisadi zonasında və Qarabağda da istehsal müəssisi qurmaqda maraqlı olduqlarını açıqlayıb.