İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin tikinti materialları sənayesi sektorunda fəaliyyət göstərən daha bir müəssisənin - “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus paylarının satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib. Dövlət Xidmətinin məlumatına görə, müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Omax Sənaye Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub və müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 10 milyon manat məbləğində vəsaitin köçürülməsi və 2 il ərzində müəssisədə 10 milyon 500 min manat həcmində İnvestisiya Proqramının icrasını təmin edəcək. Proqram çərçivəsində mövcud bina və tikililərin təmiri, mərmər-qranit avadanlıqlarının (onların elektron idarəetmə sistemləri daxil olmaqla) təmiri və ya yenilənməsi, polad boru və profillərin, müxtəlif güclərdə hava kompressorlarının, təzyiqli avtoyuma avadanlıqlarının, istixana komplekslərinin metal konstruksiyalarının istehsalı xəttinin qurulması, habelə bəzi digər istiqamətlərə investisiya qoyuluşlarının həyata keçirilməsi nəzərdə tutulur.
İnvestisiya Proqramının icrası müəssisədə ən azı 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.