Kənd təsərrüfatı məhsullarının vahid - "Made in OTS" brendi altında istehsal edilməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin regiondaxili ticarətini və onların qlobal bazarlara məhsul ixracını asanlaşdıracaq.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar departamentinin müdiri Pərviz Əliyev deyib.
Onun fikrincə, "Made in OTS"nin tətbiqi regionda iqtisadi inkişafın stimullaşdırılması, regional məhsulların təşviqi üçün mühüm amil ola bilər. OTS təşəbbüsünün əsas məqsədləri rəqabət qabiliyyətinin artırılması, əlverişli mühitin yaradılması, təcrübələrin qarşılıqlı ötürülməsi, birgə layihələrin həyata keçirilməsi imkanlarının araşdırılmasıdır.
P.Əliyev hesab edir ki, birgə kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi, TDT üzvü və müşahidəçi dövlətlər arasında investisiyaların cəlbi ölkələrin istehsal və emal imkanlarını artıra bilər:
“TDT üzvü və müşahidəçi dövlətlər arasında bu sahə üzrə əməkdaşlığın məqsədi məhsuldarlığı artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək və regionda iqtisadi artımı təmin etməkdir. Əməkdaşlıq ümumi resurslara, texnologiya transferinə və bazara çıxışa gətirib çıxara bilər. Eyni zamanda, iqtisadi artımı, ərzaq təhlükəsizliyini və regionda davamlı inkişafı təşviq edər”.