“Kartaş Kimya” MMC Özbəkistandakı bazar payını artırmaq istəyir

2024.08.19 11:29 (UTC+04:00)

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) tikinti kimyəviləri istehsalı ilə məşğul olan rezidenti - “Kartaş Kimya” MMC ikinci zavodu fəaliyyətə başladıqdan sonra məhsullarını yeni ölkələrə ixrac edəcək.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin direktoru Necmeddin Taşbağ deyib.

Hazırkı istehsallarının daha çox Azərbaycan bazarının tələbatının ödənilməsinə yönəldiyini söyləyən N.Taşbağ əlavə edib ki, yeni zavodda Azərbaycanda, həm də qonşu ölkələrdə istehsal edilməyən mallar - müxtəlif təyinatlı su izolyasiya materialları və zəmin döşəmə məhsulları hazırlayacaqlar. Bu baxımdan həmin məhsulların ixrac potensialı daha yüksək olacaq.

“Kartaş Kimya” hazırda Özbəkistana az sayda məhsul ixrac edir. Şirkət yeni zavodunu açdıqdan sonra ilkin olaraq, Özbəkistana məhsul ixracını artırmaqla oradakı bazar payını çoxaltmaq, daha sonra Gürcüstan, Qazaxıstan və Türkmənistana məhsul satmaq niyyətindədir.

Zavod bu ilin sonundan fəaliyyətə başlayacaq. Gələn ildən isə qeyd edilən ölkələrə ixraca başlamaq planlaşdırılır.

Qeyd edək ki, 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Layihə üzrə indiyədək görülən işlərə 15 milyon manatdan çox sərmayə qoyulub.

Yeni zavod fəaliyyətə başladıqdan sonra MMC ümumi istehsalın həcmini 2 dəfəyə yaxın artıracaq.