Cari ildə Sumqayıt Kimya Sənaye Parkında 2 zavodun — tikinti kimyəvilərin və “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisələrinin fəaliyyətə başlaması planlaşdırılır.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Kamran Rəhimli deyib.
Onun sözlərinə görə, sözügedən müəssisələr tərəfindən Sumqayıt Kimya Sənaye Parkına 40 milyon manata yaxın investisiya qoyulması, 300-dən artıq əlavə iş yerinin yaradılması planlaşdırılır.
Hər iki müəssisədə son tamamlama işləri aparılır, bu ilin sonlarına yaxın bu müəssisələrin fəaliyyətə başlamaları nəzərdə tutulur:”Bir maraqlı nüansı qeyd edim ki, bu müəssisələr rezidentlik statusu aldıqları andan etibarən sənaye parklarında sahibkarlar üçün təklif edilən güzəştlərdən yararlanırlar. Belə ki onlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin ediliblər.
Eyni zamanda sənaye parkının digər rezidentləri kimi 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Qeyd edim ki hələ bu iki rezident tərəfindən tikinti işlərinin aparılmasına baxmayaraq bunlar tətbiq edilən güzəştlərdən ancaq idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində 2 milyon manata yaxın öz vəsaitlərinə qənaət ediblər”.