“Az-Tex-Import” MMC-nin SKSP-də qurulan zavodunun tikintisi yekunlaşmaq üzrədir

2024.08.16 12:22 (UTC+04:00)

“Az-Tex-Import” MMC-nin Sumqayıt Kimya Sənaye Parkında qurulan “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisəsinin tikintisi işləri yekunlaşmaq üzrədir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu şirkətin təsisçisi Samir İbadullayev deyib.

Onun sözlərinə görə, yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 90 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 19,2 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 6 milyon manatdan çox sərmayə qoyulub.

İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.

Qeyd edək ki, “Az-Tex-Import” MMC-yə 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır.