Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur

2024.08.15 17:37 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group” MMC-nin direktoru İlkin Quliyev imzalayıblar.

Sənədə əsasən ölkəmizdə keçiriləcək COP29-a və “yaşıl enerji” islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternartiv enerji ilə təmin edilməsi nəzərdə tutulur.

Memorandum çərçivəsində “AGAS Group” MMC tərəfindən Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulmasının texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Növbəti mərhələdə GES-in qurulması və Sənaye Parkının “yaşıl enerji” ilə təmin olunması planlaşdırılır.