Əlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur?

2024.08.26 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində əlilliyi olan şəxslər üçün müəyyən güzəştlər nəzərdə tutulub.

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.2.4-cü maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Şəxs tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi sənədlər əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan onun muzdlu işlə əlaqədar aldığı gəlirlərinə güzəştlər tətbiq olunur.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əlavə olaraq qeyd olunub ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Həmçinin, Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləğinin 10 manat azaldılması ilə bağlı güzəşt müharibə ilə əlaqədar əlil olan şəxslərə də şamil olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199.3-cü, 207.2-ci maddələri.